XANKƏNDİ, 5 oktyabr. TELEQRAF
“Anlayırıq ki, bu gənc idmançılar üçün çox böyük təzyiqdir”.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu III MDB Oyunları çərçivəsində kamandan oxatma yarışının son günündə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov deyib.
“Yarış çox gözəl keçdi, iştirakçılar hər şeydən çox razıdırlar. Daha əvvəl federasiya rəhbərliyi idmançılarımızla görüşmüşdü. Təəssüf ki, onlar istədiyimiz medalları əldə edə bilmədilər. Lakin yenə də biz onların yaxşı çıxış etdiyini düşünürük. Bu gənc idmançılar üçün böyük təzyiqdir. Məğlubiyyətin əsas səbəbi əsas idmançımız Fatimə Hüseynlinin əlindən zədə almasıdır. Biz federasiya olaraq bundan sonra bir neçə istiqamətdə işlər görməyi düşünürük. Onlardan biri də fiziki hazırlıqdır. Zədə almamaq üçün bu çox vacibdir. İdmançılara psixoloji dəstək üçün Gənclər və İdman Nazirliyinə müraciət etmişik və onlarla idman psixoloqları işləyəcəklər”, - deyə Xəlilov bildirib.