BAKI, 9 iyul. TELEQRAF
“Hər şey oyunun 90 dəqiqəsində bilinəcək. Oyundan öncə mülahizələr yürütməyi xoşlamıram. Öz gücümüzü sabah meydanda göstərəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Sloveniya “Tsele”sinin baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis sabahki oyunla bağlı fikirlərini də bölüşüb: “Rəqibin Azərbaycan Kubokunu əldə etdiyini bilirik. Hörmətlə yanaşırıq. Nəticə sabah meydanda bəlli olacaq”.
Riera komandasında baş verən dəyişikliklərdən də söz açıb: “Ötən mövsümlə müqayisədə komandanı 3 əsas futbolçu tərk etdi. Düşünürük ki, dəyişikliklər komandaya müsbət təsir edəcək. Biz bunları komandaya fayda vermək üçün bunları edirik. Yəqin ki, “Sabah” bizim Konfrans Liqasındakı uğurlu çıxışımızdan məlumatlıdır və o oyunları izləyiblər. Bizim necə komanda olduğumuzu bilirlər”.
Təcrübəli mütəxəssis futbolçu olduğu vaxtlarla müqayisədə indi rəqib barədə məlumat toplamağın asan olduğunu deyib: “İndi hər şey daha asandır. Mənim əvvəlki komandam “Qalatasaray”da oynamış Cesse Sekidikadan da məlumat almışıq. Kifayət qədər məlumatımız var”.
Qeyd edək ki, “Sabah” - “Tsele” görüşü iyulun 10-da Əlincə stadionunda ("Bank Respublika Arena") saat 20:00-da baş tutacaq.