BAKI, 3 iyun. TELEQRAF
Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin 3 üzvündə koronavirus aşkarlanıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bunlar komandanın kapitanı, yarımmüdafiəçi Elvin Əlizadə və hücumçu Samir Həmzəyev, eləcə də köməkçi-məşqçi Sərxan Məstiyevdir.
Dünya çempionatının final oyunundan sonra yığma üzvlərindən götürülmüş COVID-19 testinin cavabı müsbət olub. Onlar millinin düşərgəsini tərk ediblər, hazırda özlərini yaxşı hiss edirlər.
Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi Sərxan İbrahimoğlu isə Teleqraf-a açıqlamasında bildirib ki, məşqçi və oyunçuların final oyunundan sonra yüksək hərarətləri olub. Bu səbəbdən, onlar Prezident İlham Əliyevlə görüşdə də iştirak edə bilməyiblər.
Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək, dünya çempionu olub.