BAKI, 10 aprel. TELEQRAF

Rafael Sergeyeviç Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Rafael Sergeyeviç Qvaladze 1 yanvar 1948-ci ildə Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlayıb. Həmin ildən 1985-ci ilədək Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışıb. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 1990-ci ildən 1992-ci ilədək Azərbaycanın prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləyib.

14 iyul 1998-ci ildə Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Məhkəmə Hüquq Şurasının üzvüdür.

12 iyul 2003-cü ildə Azərbaycan Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Prezidentin 28 dekabr 2007-cı il tarixli sərəncamı ilə Azərbaycanın məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə Rafael Sergeyeviç Qvaladzeyə "Əməkdar hüquqşünas" fəxri adı verilib.

Milli Məclisinin 22 iyun 2010-cu il tarixli Qərarı ilə yenidən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Bundan başqa, o, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)" yubiley medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif edilib.

Həmçinin dövlət başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə də təltif edilib.