.jpg)
BAKI, 10 aprel. TELEQRAF
Son dövrlər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kitab oxumağa marağın azalması ilə bağlı müxtəlif fikirlər səslənir. Həqiqətən də, son 10-15 il ərzində bu tendensiya özünü getdikcə qabarıq büruzə verməkdədir. Bir sıra mütəxəssislər bu faktı cəmiyyətlərdə elmə, təhsilə, bədii ədəbiyyata marağın azalması, digər qism mütəxəssislər isə müasir texnologiyaların inkişafı ilə əlaqələndirirlər.
Teleqraf xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev kitab oxumağa marağın azalmasının bir sıra səbəblərinin olduğunu bildirib.
Onun sözlərinə görə, internetin inkişafı, sosial şəbəkələrdən istifadənin geniş imkanlar yaratması insanlarda informasiya bolluğuna səbəb olan faktorlardan biridir. Bir çox insanlar müxtəlif mövzularda kiçik, lakin operativ informasiyalar əldə etməklə kifayətlənirlər.
Millət vəkili deyib ki, hazırda dünyada kitabların, bədii ədəbiyyatın elektron formada hazırlanmasında da böyük üstünlük verilir: “Hətta bir çox kitabların nəinki elektron formada nəşrinə, eləcə də onların rezume xarakterli variantına üstünlük verilir. Yetərli olur ki, insanlar üçün rezumedə ümumi olaraq kitabda nələrdən bəhs edildiyi bəlli olur. Yəni bütün bunlar müasir İKT-nin yaratdığı imkanlardır. Burada digər səbəblər də var. Kitablar nə vaxt daha çox oxunur? Birincisi, sosial-iqtisadi cəhətdən insanlar kifayət qədər rahat olarkən, öz asudə vaxtlarını kitabla keçirməyi üstünlük kimi qəbul edirlər. Yəni qiraət etmək onların asudə vaxtlarını səmərəli keçirmək üçün imkanlardan biridir. Doğrudur, asudə vaxtlarını idman etməklə, gəzintiyə çıxmaqla xoş keçirən insanlarla yanaşı, bir təbəqə var ki, onlar kitab oxumağa üstünlük verirlər. Amma bu gün sosial-iqtisadi çətinliklərlə mübarizə aparan cəmiyyətlərdə kitaba maraq kifayət qədər aşağıdır. Məsələn, dünyanın bir sıra kasıb ölkələri var ki, orda insanlar yaşamaq uğrunda mübarizə aparırlar. Bu amilin özü belə insan beynini gün ərzində məşğul edir, onların kitab oxumasına imkan vermir, ən azı kitab oxumağa vaxtları olmur. Eləcə də, kitabların çapının keyfiyyəti, həm də bədii əsərlərin əvvəlki dövrlərin əsərləri ilə müqayisədə zəif olması da onun oxunaqlığını azaldır. Bu gün yazılan kitabların janrları da bir-birinin oxşarıdır. Məsələn, hazırda detektiv janrda daha çox əsərlər yazılır, amma bu janrda oxuyan buna adekvat deyil. Ona görə də, yazılan əsərlərdə janr fərqliliyi də olmalıdır ki, hər kəsin zövqünə uyğun olsun. Bu gün dünyada, o cümlədən Azərbaycanda elə yazarlar var ki, onların kitabları sevilə-sevilə oxunur. Amma elə yazarlar da var ki, geniş, intellektual oxucu kütləsinin zövqünə uyğun əsərlər ərsəyə gətirə bilmirlər. Beləliklə, burada həm müəllif faktoru, həm nəşr keyfiyyəti, həm janr, həm sosial-iqtisadi amillər, həm də İKT amili kitabların oxunub-oxunmamasına öz təsirini göstərir”.
Samir Vəliyev onu da qeyd edib ki, kitab oxumaq, həm də bir vərdişdir. Onun fikrincə, bu vərdiş orta məktəblərdə formalaşır: “Biz məktəbdə oxuyarkən dərsdən sonra kitabxanadan kitablar götürüb evdə oxuyurduq. Bunu həm valideynlərimiz, həm də müəllimlərimiz tövsiyə edirdi. Beləliklə, kitab oxumaq ənənəsi orta məktəblərdə formalaşdırdı. Yəni sovetlər dövründə məktəbdən şagirdlərə evdə oxumaq üçün kitab vermək ənənəsi çox gözəl idi. Amma təəssüf ki, artıq bu gün bu ənənə mövcud deyil. Müasirləşmə, yeni texnologiyalar meydana gəldikcə belə gözəl ənənələr sıradan çıxır. Kitab oxumağa marağın azalmasında bu fakt da rol oynayır”.