BAKI, 19 mart. TELEQRAF

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev biznes fəaliyyətinə başlayıb.

Bu barədə Teleqraf-a Musayevin özü məlumat verib.

O, 2022-ci ildə PFL-dən istefa verdikdən sonra inşaat sahəsinə yönəldiyini bildirib: “1985-ci ildə İnşaat Mühəndisləri İnstitutunun (hazırkı Azərbaycan Memarlıq və İnşaat Universiteti - red.) İnşaat fakültəsini bitirmişəm və indi həmin sahədə çalışıram. Tək deyiləm, qohum-əqrəba ilə birlikdə binaların tikintisini həyata keçiririk”.

62 yaşlı mütəxəssis vəzifədən ayrıldıqdan sonra futboldan uzaqlaşma səbəbini də açıqlayıb: “Öz çalışdığım sahə var. Novxanı kəndində bağ evimdə qalır, dincəlirəm. Fermam, atlarım, qoyun-quzu və inəklərim var. Atlarımı at yarışına buraxmıram, incitmirəm. Belə demək olarsa, öz həyatımı yaşayıram”.

Ramin Musayevin müsahibəsi ilə burada tanış ola bilərsiniz.

Qeyd edək ki, Ramin Musayev 2004 - 2008-ci illərdə “Neftçi”nin vitse-prezidenti, 2008 - 2022-ci illərdə isə PFL-in prezidenti kimi çalışıb.