
BAKI, 15 mart. TELEQRAF
"Şamaxı" klubunun baş meneceri Kamran İsmayılov Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Teleqraf-a müsahibə verib. O, Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun 21 yaşadək futbolçulardan ibarət milli komandanın sükanı arxasına keçməsi ilə əlaqədar ortaya çıxan suallara və digər məsələlərə aydınlıq gətirib:
- Bu təyinat bizim üçün sevindirici haldır, deyərdim ki, şərəfdir. Ayxan müəllim üçün sevinirəm, onun məşqçilik qabiliyyətinə bələdəm. Hesab edirəm ki, bu, yayda Ayxan Abbasovu baş məşqçi təyin etməyimizin düzgün seçim olduğunu göstərir.
- Ayxan Abbasovun həm millinin, həm də "Şamaxı"nın baş məşqçisi olması haqqında nə deyə bilərsiniz?
- O, mövsümün sonuna qədər bizimlə fəaliyyətini davam etdirəcək.
- Ayxan Abbasov milli ilə yanaşı, növbəti mövsümdə də "Şamaxı"da qalmaq və gənclərdən ibarət komanda yaratmaq istədiyini bildirib. Belə bir variant mümkündür?
- Ayxan müəllimin müqaviləsi cari mövsümün sonuna qədərdir. Növbəti mövsüm bizimlə qalması üçün danışıqlar aparmalıyıq. Abbasovun mayın axırlarınadək iki yerdə işləməsinə razılıq vermişik. Yeni müqavilə ilə bağlı razılığa gəlsək, avtomatik olaraq, millidə işləməsinə də qarşı çıxmayacağıq.
- Yeni müqavilənin imzalanması "Şamaxı"nın nəticələrindən asılı olacaq?
- Nəticələr də öz təsirini göstərir. Amma müqavilə avtomatik uzadılmır, danışıqlar aparılmalıdır.
- Gələn mövsüm "Şamaxı"nın U-21 üçün baza rolunu oynayacağına dair xəbərlər də var...
- Mətbuatda yazılır ki, artıq qərar qəbul olunub, amma bu, yalandır. Ayxan Abbasovun növbəti mövsüm bizimlə olub-olmayacağı dəqiq deyil. Bu səbəbdən, belə söhbətlər də yoxdur. Ümumiyyətlə, ideya olaraq, indini götürsək, Edqar Adilxanov, Rüfət Abbasov əsas heyətdə, Fəxri Abbasov ehtiyatdan meydana çıxır. Bunlar da U-21-in futbolçularıdır. Rauf Rüstəmlini də götürsək, bizdə U-21 yığmasından 4 futbolçu var. Komanda olaraq, gənc oyunçulara güvənirik. Keyfiyyətli cavan oyunçular bizdə niyə olmasınlar ki?! Amma nə AFFA bizə şərt qoyub, nə də biz onlara.
- Mayı gözləyirsiniz?
- Yox, biz, Ayxan Abbasovla razılığa gəlsək, bəlkə də heç gəlmədik, o zaman müqavilə kontekstində çox şeylər müzakirə olunacaq.
- Giorgi Kantariya ilə bağlı araşdırma aparılır?
- Həyatda bəzən elə şeylər olur ki, öncədən nə isə danışmaq düzgün deyil. Adil Nağıyevla bağlı məsələdə susurduq. Qərar çıxandan sonra isə açıqladıq ki, belə bir məsələ var. Məhkəmə qərar çıxarmayıbsa, mənim kimisə günahlandırmağa ixtiyarım yoxdur. Bu, şər atmaq kimi çıxacaq. Kantariya məsələsində də gözləyirik.
- Bəs yeni kluba - Rusiya "Sokol"una keçməsi barədə nə deyə bilərsiniz?
- Onun günahkar olması ilə bağlı qərar yoxdur. Bizimlə müqaviləsinə xitam verdikdən sonra azad agent kimi istənilən kluba keçə bilərdi. Müvafiq sistemdən də bizə bununla bağlı sorğu gəldi və onunla müqaviləyə xitam verdiyimizi təsdiqlədik.