BAKI, 22 iyul. TELEQRAF

Bu gün Milli Mətbuat Günüdür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız 150 illik keşməkeşli və şərəfli dövrlərdən keçib, indinin özündə də ziyalı, əməksevər, obyektiv jurnalistlərin sayəsində yoluna davam edir.

Milli Mətbuat Günündə "Teleqraf" İnformasiya Agentliyinin əməkdaşı Əməkdar mədəniyyət işçisi, Milli Televiziya və Radio Şurasının üzvü, şairə, publisist, eyni zamanda bu yaxınlarda Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin edilən Telli Pənahqızı ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Telli xanım, bu il Azərbaycan mətbuatının 150 illiyini qeyd edirik. Həyatını mətbuata həsr edən xanım üçün bu, nə anlama gəlir?

- Jurnalistika mənim həyatımdır, ömrümün mənasıdır. Mən sözlə işləməyi çox sevirəm, bütün həyatımı əlahəzrət sözə həsr etdiyim üçun xoşbəxtəm. Jurnalistika elə bir sahədir ki, sən insanları və sözü sevməlisən. Bizim müəllimimiz həyatdır. Bəzi şəxslər isə kələ-kötür həyat yolunda getdiyimiz cığırlara işıq tuturlar.

- Mətbuatın ildönümündə ilk zəng edib təbrik etdiyiniz kim olur?

- Tanınmış yazıçı, görkəmli jurnalist, tədqiqatçı Fazil Rəhmanzadə. Həmişə demişəm ki, o mənim həyat müəllimim olub. Buna görə mən ilk Fazil müəllimə zəng edəcəm. Əgər imkanım olsaydı, Şirməmməd müəllimə (Şirməmməd Hüseynov- red.), Tofiq müəllimə (Tofiq Rüstəmov –red.) də zəng vurar, onlara təşəkkür edərdim. Universitet müəllimlərimin hamısı mənim üçün dəyərli idi.

Dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara sağlıq arzulayıram. Onlardan aldığımız dərs, o məktəb və böyük jurnalistikanın inciləri olan insanları hər zaman ehtiramla xatırlayıram. Bütün jurnalistlərimizin uğurunun əsas səbəbkarı isə, əlbəttə, mətbuatımızın banisi Həsən bəy Zərdabidir. O, “Əkinçi” kimi elə bir toxum cücərtdi ki, indi bizim söz əkdiyimiz tarlaların sayı yetərincədir.

- Maraqlıdır, necə oldu jurnalistikaya sənəd verdiniz?

- Lap uşaqlıqdan sözlə "oynamağı" sevirdim. Bizim oxuduğumuz dövrdə valideynlər uşaqlarını müəllim, həkim kimi görmək istəyirdilər. Mənim uşaqlıqdan yazıb pozmağa həvəsim olub. Yuxarı siniflərdə oxuyanda “Azərbaycan gəncləri” qəzetində keçirilən müsabiqələrə yazı göndərirdim, ancaq həmişə də eyni cavabı alardım: "Göndərdiyiniz yazı qəzetin tələblərinə uyğun gəlmədiyi üçün dərc edə bilmədik".

Qərbi Azərbaycandan olduğum üçün o vaxt bizə az-az qəzetlər gəlirdi. Mən müsabiqələrdən birinə bir məqalə göndərmişdim. Məqalədə Azərbaycandan uzaqda yaşayan bir insan kimi həsrətimi dilə gətirmişdim. Bir müddət sonra qəzetdə “Anam doğma Azərbaycan” mövzusunda böyük bir yazı çıxmışdı və mənim də orada bir cümləm getmişdi, o vaxt o qədər qürurlanmış, ruhlanmışdım ki...

Sonralar iş elə gətirdi ki, Bakıya gəldim, sənədlərimi universitetə verdim, ilk iki imtahandan əla qiymət aldım və universitetə qəbul oldum. Yadıma gəlir ki, ilk yazılı imtahanı bizdən sevimli şairimiz Bəxtiyar Vahabzadə götürürdü. İmtahanda sərbəst mövzu düşmüşdü və mən bu mövzunu yazmaq qərarına gəldim. İllərlə içimdə yaşatdığım həsrəti, sevgini vərəqə köçürməyə başladım.

Bir yerdə bir adın yazılışını dəqiqləşdirmək üçün cəsarət edib Bəxtiyar müəllimdən soruşdum. O, nə yazdığımla maraqlandı, mən sərbəst mövzu yazdığımı bildirdim. O, yazımın bəzi abzaslarını oxudu, oradakı bir cümləm ona çox təsir etdiyindən auditoriyaya nümunə kimi ucadan səsləndirdi və kövrək səslə: “Təəssüf ki, sənin yazını mən yoxlamayacam, çalış, diqqətli olasan”. Həmin imtahandan 5 aldım və qabiliyyət imtahanından keçdim.

- Bəs bu sahədə ilk fəaliyyətiniz hardan başladı?

- Jurnalistika fəaliyyətinə başladığım ilk illərdə mənə “Bakı” və “Baku” axşam qəzetlərinin kollektivi çox böyük kömək etdi. 1-ci kursda oxuyanda ilk dərs günü qəzetin baş redaktoru Nəsir İmanquliyev dedi ki, kim istəsə gəlib bizim qəzetlə əməkdaşlıq edə bilər və zarafatla əlavə etdi ki, hətta qonorar da alacaqsınız. O vaxt "Bakı" və "Baku" qəzetləri çox populyar idi. Qəzet axşam çıxırdı, insanlar qəzeti almaq üçün köşklərdə növbəyə dururdular.

Mən mədəniyyət şöbəsində müxbir kimi başladım. Həyatda minnətdar olacağım 2 şəxs var: baş redaktor Nəsir İmanquliyev və şöbə müdirimiz Fazil Rəhmanzadə.

“Hər sözümüz nəzarət altında idi”

- Telli xanım, fəaliyyətinizin çox və mühüm hissəsini televiziya təşkil edir. İlk efir həyəcanınızı necə xatırlayırsınız?

- Tale elə gətirdi ki, televiziyaya gəldim, televiziyanı sevdim. “Gənclik" redaksiyasında ilk reportajlarımı hazırladım. Orada çox böyük və səmimi kollektiv var idi. Fəaliyyətimi dəyərləndirən rəhbərlik məni sonralar daha çətin və məsuliyyətli bir redaksiyaya -"Xəbərlər" proqramına keçirdi.

Sizin yaşınız çatmaz xatırlamağa, o vaxtlar “Xəbərlər” proqramı televiziyanın çox mühüm və siyasi əhəmiyyəti olan proqramı idi. Veriliş axşam saat 8-də başlayırdı, proqramı çox diqqətlə hazırlayırdıq, çünki hər sözümüz nəzarət altında idi. Uzun müddət mədəniyyət şöbəsinə başçılıq etdim. Burada daha çox mədəni, həmçinin siyasi, iqtisadi mövzularda yüzlərlə reportaj və veriliş hazırladım.

Sizə deyim ki, televiziya jurnalisti olmaq çox çətin işdir, böyük məsuliyyətdir. Xarakterindən, danışıqdan, özünü aparmağından, insanlara münasibətdən, sual vermək bacarığından çox şey asılıdır.

- Nə vaxtsa, peşman olub jurnalistikadan uzaqlaşmaq istəmisiniz?

- Heç vaxt... Jurnalistika mənim həyatımdır. İnsanlar məni efirdən görüb tanıyıblar, sözümü və özümü də elə mavi ekran vasitəsi ilə seviblər.

Bu gün qazandığım hər şey üçün sevdiyim bu peşəyə, mənə inanan oxucu və tamaşaçılarıma borcluyam... Bu gün tanınıramsa və burada sizinlə müsahibədəyəmsə, bu da Tanrının sizə, səsə, sevgiyə verdiyi dəyərdir.

- İş prosesində yaddaqalan hansı xatirələriniz var?

- Həm televiziyada, həm də qəzetlərdə fəaliyyət göstərəndə elm, mədəniyyət və incəsənət xadimləri ilə çox görüşmüşəm, ünsiyyətdə olmuşam. Bu görüşlərin hər biri unudulmaz bir xatirədir. Heç unuda bilmədiyim 2-3 məqam var ki, onları həmişə yadımda saxlayacam. Bu ilk növbədə Ulu Öndərimizlə bağlı olan görüşlər, müsahibələrdir.

- Telli xanım, bir jurnalist olaraq hansısa şəxsi prinsipləriniz olub?

- Dilimizin sağlığı, düzgünlük, ədalət, doğru, qərəzsiz xəbərçilik. Jurnalist ilk növbədə mükəmməl savada, geniş dünyagörüşünə malik, dünyada baş verən hadisələrdən xəbərdar olmalıdır, Azərbaycan dilinin imkanlarından bacarıqla istifadə etməlidir. İnsan bildiyi bir mövzuda daha arxayın yazır. Bizim səhv etmək kimi bir şansımız yoxdur.

Mən sözə, dilə çox önəm vermişəm, ana dilimizi bütün gözəlliyi ilə fikrimi tərəf müqabilimə çatdırmaq, sualımı vermək istəmişəm, ayrı-ayrı bölgələrimizdə işlədilən ləhcələrə bələd olmaq istəmişəm. Mən ana dilimi - anamın dilini çox sevirəm.

“İndi savadlı gənclər çox azdır”

- Sürətlə dəyişən dünyada mətbuat da dəyişir, başqa forma alır. Azərbaycan mətbuatının bu gününü necə xarakterizə edərsiniz? İndiki jurnalistikanı və jurnalistləri necə qiymətləndirirsiniz.

- Bugünkü jurnalistika qaçaqaçlıdır, hamısını qaçaraq, tələsik edirlər. Qərəzli mətbuat nümunələri də var. Bir insanın üstünə düşdülərsə, məhv etmədən əl çəkmirlər. Düşünürəm, mətbuatın vəzifəsi təbliğatdır, təşviqatdır, insanları gözəl məqsədlər naminə doğru yola yönləndirməkdir. Bizdən sonrakı nəsillər bir-biri ilə didişəcəksə, onda heç nə olmayacaq.

Təəssüf ki, indi savadlı gənclər də çox azdır. Danışıq dilimiz bərbaddır, yazı dilimiz ondan da bərbad, reklamların dili isə həm gülməli, həm də ağlamalıdır. Gəlin, dilimizin saflığını qoruyaq.

- Sadaladığınız bu nöqsanların fonunda gənc jurnalistlərə nə tövsiyə edirsiniz?

- Jurnalistin hər hansı görüşə "piyada" getməsi heç caiz sayılmır. Burada piyada, maşınla getmək deyil, yəni görüşdüyün insan haqqında, məkan, tədbir haqqında məlumat bilmədən müsahibə almağa, xəbər yazmaga getmək olmaz. Tövsiyə edirəm ki, jurnalistlər öncədən öyrənsinlər, sonra görüşə gedib sual versinlər. Getdiyiniz yeri, görüşdüyünüz insanı araşdırın. Öz yanaşmanız olsun, yenilik axtarın. Jurnalist sözü, savadı ilə və hadisələrə olan münasibəti ilə tanınmalıdır, gözəl görünməklə, geyimlə tanınmalı deyil.

Tanınmaq istəyirsinizsə, oxuyun, insanlara ikili münasibət tutmayın, insanları sevin, kin bəsləməyin. Jurnalist olan hər bir kəsin həyatı təkcə özünə aid deyil.

- Jurnalistikada kifayət qədər başqa sahədən gələn adamlar, hətta ali təhsili olmayan adamlar var. Belə halda "bacarıq kifayətdir" deyilir. Bəs siz necə düşünürsünüz?

- Təhsil düzgün qoyulmalıdır. Ali təhsil mütləqdir. Ali təhsildə tələbata uyğun olmayan fənlər çoxdur, amma yenə də ali təhsil vacibdir. Çox oxumaq, mütaliə etmək, savadlı olmaq lazımdır.

“Süni intellektlə söhbət etmişəm”

- Süni intellekt həyatımızın az qala hər sahəsində var və sürətlə yayılır. Süni intellektdən istifadə mediada müəllif yazıları arxa plana ata bilərmi? Sizcə, hansı jurnalistlərə ehtiyac olmayacaq?

- 1-2 dəfə süni intellektlə söhbət etmişəm və onun çox dəhşətli biliyə malik olduğunu görmüşəm. Hətta bizim jurnalistlərin çoxundan yaxşı yazmağı bacarır. Özüm kimi jurnalstəri əvəz edə bilməz, amma kimlərinsə köməyinə çatar. Bəzilərini də ötüb keçə bilər.

- Telli xanım jurnalist fəaliyyəti ilə yanaşı, siz həm də şair, publisistsiniz. Hazırda nə yazırsınız?

- Hazırda 2 cildlik şeirlər kitabımı çapa hazırlayıram. Bir də hekayələr kitabımı yaxın vaxtlarda oxucularıma təqdim edəcəm.

- Ədəbi mühitimizi necə qiymətləndirirsiniz? Gənc nəsildən bəyəndikləriniz kimlərdir?

- Gənc yazarlardan yadımda qalanlar var. Amma bir çoxları isə yazmaq xatirinə yazırlar. Onları oxuyuram, sonra isə çoxu yadımda qalmır.

“Qərbi Azərbaycana geri qayıdışı aşılamaq lazımdır”

- Ötən günlərdə Qərbi Azərbaycan Televiziyasının rəhbəri təyin edildiniz. Fəaliyyətiniz dövründə hansı yeniliklər gözlənilir?

- Qərbi Azərbaycan Televiziyası ilə bağlı müzakirələr edirik, yenilik olacaq. Azərbaycanda Qərbi Azərbaycan əsilli insanlar çoxdur. Onların böyük əksəriyyəti müxtəlif rayonlarında məskunlaşıb və hər birinin diqqətə, qayğıya ehtiyacı var. Daha çox yaşlı insanlarla müsahibələr etmək istəyirik: onlar dünyadan köçməmiş görüşünə gedək və kiçik hekayələr hazırlayaq. 1918 və 1948-ci illərdə köçürülənlər var. Türkiyənin özündə, elə Qars, İğdır, Ərdahanda da belə insanlar var.

Həmin insanların nəvə, nəticələri indi yetkin yaşdadırlar. Onlara Qərbi Azərbaycana geri qayıdışı aşılamaq lazımdır. Onların hamısının Qərbi Azərbaycana qayıtmaq haqqı var, bunun üçün mübarizə aparmalıyıq. Yurd, vətən tamam başqadır.

FOTO: Elnur Muxtar