BAKI, 23 aprel. TELEQRAF
Teleqraf-a daxil olan məlumata görə, vətəndaşların rahat hərəkətinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik və inzibati tədbirlər davam etdirilir.
Ötən həftə paytaxt ərazisində dilənçilik və tufeyli həyat tərzi keçirən 47 nəfər saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Hazırda polis əməkdaşları tərəfindən tədbirlər diqqətdə saxlanılır.
***
11:03
Axşam saatlarında Bakının mərkəzi küçələrində xoşagəlməz mənzərə yaşanır.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bunlardan biri də Bakıxanov prospekti ilə Səməd Vurğun küçəsinin kəsişdiyi ərazidir.
Belə ki, dilənçilik fəaliyyəti ilə məşğul olan şəxslər işıqforun qırmızı işığında dayanan sürücülərə yaxınlaşaraq onlardan pul istəyirlər. Dilənçilər qarşısında “yox” cavabı görəndən sonra aqressivləşir, sürücülərə qarşı kobud münasibət sərgiləyir, avtomobilin şüşələrinə zərbələr endirməyə başlayırlar. Bu kimi hallarda sürücülər bəzən təhqir də olunurlar.

Təəssüflə qeyd etməliyik ki, həmin küçədəki dilənçilər arasında azyaşlılar daha çox üstünlük təşkil edir.
Qeyd edək ki, Azərbaycanda dilənçiliklə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub. Qanun layihəsi təsdiq edildikdən sonra yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə - iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
