BAKI, 20 sentyabr. TELEQRAF
Sayca doqquzuncu dəfə keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin 2 günü arxada qaldı.
Turnirin ikinci günündə Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə isə sprint yarışları baş tutdu.
Uzunluğu 6 kilometr olan Bakı treki üzərində həyəcan dolu anlar yaşanarkən, şəhər ətrafında da yarışla bağlı bayram ab-havası hökm sürürdü. Qran-Prinin ən maraqlı məkanlarından biri də fan-zona sayılır desək, yalan olmaz. Burada olan müxtəlif əyləncə guşələri yarışa maraq göstərənlərin daha da zövq almasına səbəb olur. Fan-zonada azarkeşlər sevimli komandalarının atributlarını əldə edə, pilotların imza seanslarında iştirak edə, müxtəlif müsabiqələrdə qalib gələrək hədiyyələr qazana bilirdilər.

Marşalların işi – təhlükəsizliyin təminatı
Formula 1 marşalı Tofiq Sadıxov Teleqraf-a açıqlamasında bildirdi ki, yarış boyu təhlükəsizliyin təmin edilməsində onların rolu böyükdür: “2018-ci ildən bəri marşal kimi iştirak edirəm və bu, artıq 8-ci dəfədir. 1200 yerli, 200 isə xarici marşalımız var. Hər komandanın öz vəzifəsi var. Biz təxliyə marşallarıyıq. Qəza zamanı əvvəlcə yanğınsöndürənlər, sonra təcili yardım, ardınca isə təxliyə komandası hərəkətə keçir. Əksər hallarda pilot özü maşından çıxır, biz isə avtomobili təhlükəsiz şəkildə komandasına təhvil veririk. Dünən daha çox yoxlama xarakterli yarışlar idi, amma qəzalar qaçılmaz oldu və biz işimizi gördük. Bu gün isə məsuliyyət daha da artdı, çünki komandalar xal qazanmaq üçün risk edirlər”.

Qran-Prini izləmək üçün Bakıya gələn xarici qonaqlar da yerli azarkeşlər kimi xoş təəssüratlarını bölüşdülər.
Rusiyanın Movska şəhərindən qatılan Natalya Şaranova da şəhəri bəyəndiyini bildirib: “Bu tədbirin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Təşkilat yüksək səviyyədədir, çoxlu sayda gözəl qonaqlar, avtomobillər və idmançılar var. Bu, mənim Bakıya ilk gəlişimdir və çox təsirlənmişəm. “Ferrari” komandasının azarkeşiyəm. Qırmızı rəngi, bu avtomobil markasını sevirəm və komandanın idmançılarını izləyirəm”.
Rusiyalı digər “Ferrari” fanatı Anna Kalaşnikova da Azərbaycanla bağlı müsbət təəssüratlarını bölüşüb: “Şəhər çox təmiz və gözəldir, xarici qonaqların gəlişinə maksimum dərəcədə hazırdır. Yarış olduqca maraqlı davam edir”.

Edqar Markov da tədbirin Azərbaycan üçün kifayət qədər önəm daşıdığını vurğulayıb: “Ümumilikdə ölkə üçün çox gözəl tədbirdir, çünki turistlər ölkəyə gəlir və ab-hava həqiqətən möhtəşəmdir. Azərbaycan üçün olduqca önəmli bir yarışdır. Bu tədbir ölkə əhalisinin inkişafı üçün də kifayət qədər vacibdir. Ölkə daha çox yeni şeylər görür, maraqlar yaranır və inkişaf edir. Pilotlar da bildirirlər ki, trass çox yaxşıdır və yarışlar maraqlı keçir. Bu il ilk dəfədir ki, tədbir yağışlı havada baş tutur. Bütün dünyada qeyd olunur ki, Azərbaycan Qran-Prisi çox gözəl keçirilir. Yarış zamanı qəzalar da baş verir ki, bu, həyəcanı və adrenalini kifayət qədər artırır”.

Meksikalı azarkeş Antonio Mata isə yarışın unudulmaz olduğunu söylədi:
“Meksikadan gəlmişəm. Yeməkləri və insanları çox bəyəndim. Bakı köhnə və müasir memarlığın qarışığı ilə təsirli görünür. Fan-zonada atmosfer çox enerjilidir. Üstəlik, Şarl Lekler, Lando Norris və Oskar Piastri mənim kepkamı imzaladılar”.

16 yaşlı azərbaycanlı fanat Məhəmməd Hüseynlinin deduyinə görə, Bakıda keçirilən Qran-Pri bir başqa ab-havada keçir: “2017-ci ildən etibarən bütün yarışlara qatılıram. Ən çox Luis Hamilton üçün gəlirəm. Fan-zonada gözəl atmosfer var. Turistlərin çoxluğu, restoranların sayının artması da yarışın faydalarındandır”.

Meksikalı turist Karlitos Medina təşkilatın yüksək səviyyədə keçdiyini qeyd edib: “Ab-hava, maşınların səsi, azarkeşlər - hər şey fantastikdir. Yeməklər əla idi, plov və kabab çox dadlı idi. Amma tıxac və isti bir az çətinlik yaratdı. Buradakı ab-hava fərqlidir, digər yarışlarla müqayisədə daha rahatdır. Bakı çox gözəldir. Xəzər dənizi və İçərişəhər bizi çox təsirləndirdi. Azarkeşlər çox həvəsli və qonaqpərvərdir. F1-ə olan sevgini açıq şəkildə hiss etmək olur. İnsanlar çox zövqlə geyinirlər, xüsusilə F1 üçün. Bakını və Xəzər dənizini görmək çox xoşuma gəldi. Azərbaycan azarkeşləri həvəslidir və çox səmimidirlər. Plov və dolma kimi ənənəvi yeməkləri sınadım və çox dadlı idi. İnsanlar xüsusilə Formula 1 zamanı çox gözəl geyinirlər və hamı çox qonaqpərvərdir. Azərbaycana valideynlərimlə birlikdə gəlmişəm. Əlimdəki forma və kepkanı bütün pilotlat imzaladılar. Bu, məni çox xoşbəxt etdi”.

Yağışlı hava şəraitində keçən Azərbaycan Qran-Prisinin qarşıda bir günü var.