BAKI, 18 sentyabr. TELEQRAF

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin marşalları fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda artıq hazırdır – Formula 1 marşalları.

Bu il 1500-ə yaxın marşal Formula 1 üzrə Azərbaycan Qran-Prisində iştirak edərək yarışın təhlükəsizliyini təmin edəcək.

Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.

Formula 1 marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti Formula 1-ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.

Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan Formula 1 mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi 19–21 sentyabr tarixlərində Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.