Aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

“Tədbirin tarixi müəyyən edilib. Aprelin 5-də Brüsseldə prezident fon der Leyen, Baş nazir Paşinyan və dövlət katibi Blinken arasında birgə görüşün keçirilməsi planlaşdırılır. Burada Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır”, - katib bildirib.

2023-cü il oktyabrın 5-də Paşinyan və Leyen Qranada görüşündən sonra birgə bəyanatla çıxış edib.

Leyen Ermənistana dəstək üçün Avropa Birliyi-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.