Ermənistanda “Mir” ödəniş sisteminin kartlarının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar dəqiqləşdirmə tələb edir, hazırda bu məsələ ilə Rusiya hökuməti məşğul olur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu, bizim qurumumuzun hazırda məşğul olduğu əlavə dəqiqləşdirmə tələb edir. Aidiyyəti qurum və bütövlükdə hökumət bununla məşğuldur”, - diplomat qeyd edib.
Zaxarova Ermənistanda Rusiyaya telekanallarının yayımının dayandırılması ilə bağlı yayılan məlumata da münasibət bildirib.
“Gedişat barədə İrəvandan məlumat almışıq, fikirlərimizi çatdırmışıq. Moskva Rusiya telekanallarının yayımı ilə bağlı erməni tərəfi ilə əlaqə saxlayır. Tərəflər məsləhətləşmələr aparır, fikir mübadiləsi bitməyib.
Ermənistanın hazırkı hakimiyyətinin şüarlarını da xatırlayırıq: səmimiyyət, söz azadlığı. Onların kanalları bağlamaq və ya senzura yolu ilə gedəcəklərini düşünmək istəmirəm”.
Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bundan əvvəl Rusiya telekanallarını ölkəsi əleyhinə təbliğat və daxili işlərə qarışmaqda ittiham edib. Nazir kanallarının fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı Moskvadan yeni təkliflər gözlədiklərini söyləyib.
Emənistanın hakim partiyasının deputatı Lusina Badalyan da bildirib ki, hazırda hökumət ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir.