Ermənistan parlamenti Avropa Birliyinin (AB) bu ölkədəki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.
Teleqraf.com xəbər verir ki, müqavilə AB missiyasının fəaliyyətini tənzimləyir, onun Ermənistan ərazisindəki funksiyalarını dəqiqləşdirir.
Missiyanın fəaliyyəti təkcə Ermənistan-Azərbaycan sərhədi ilə məhdudlaşmır, həm də AB ilə İrəvan arasında sürətli yaxınlaşmanın təmin edilməsinə hesablanıb.
AB missiyası, o cümlədən onun tərkib hissələri, bölmələri, qərargahları və işçi heyəti Ermənistanın aidiyyəti orqanları tərəfindən gömrük və vergi məsələlərində diplomatik statusa malik nümayəndəlik kimi nəzərdən keçiriləcək.
Saziş həmçinin missiyanın fəaliyyətinin təmin edilməsinə yönəlmiş müvafiq qurumların funksiyalarını, Ermənistan ərazisində sərhədi keçmə və hərəkət prosedurlarını, ona verilən imtiyazlar və toxunulmazlıqları, habelə cinayət yurisdiksiyası, təhlükəsizliyi və informasiyaya çıxışla bağlı digər məsələləri müəyyən edir.