Moskva təmaslar zamanı risklər barədə xəbərdarlıq etmək üçün Qərb dövlətlərinin İrəvanı anti-Rusiya çərçivəsinə cəlb etməsi məsələsini müzakirə edir, Ermənistan tərəfi bəzi arqumentləri qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Təəssüf ki, bu tendensiyanı çoxdan müşahidə edirik, bu haqda danışırıq. Erməni tərəfdaşlarımızla səmimi şəkildə yalnız bir məqsədlə danışırıq: xəbərdarlıq üçün”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskvanın bəzi arqumentləri Ermənistan tərəfindən başa düşülüb, hətta müəyyən tədbirlər də görülüb:
“Çox yaxşı anlayırıq ki, Birləşmiş Ştatlar, ümumilikdə kollektiv Qərb onilliklər deyil, əsrlərdir ölkə və xalqlara alət kimi yanaşma taktikasından istifadə edir. “Yaxşı niyyət”lə maskalanıblar. Əgər regionumuzda belə nümunələr olmasaydı, yəqin ki, ABŞ və Qərbin postsovet məkanına belə bir taktika tətbiq etməyəcəyini düşünmək olardı”.
Zaxarova iddia edir ki, Moskva Ermənistandan öz suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət qurmasını qəlbən istəyir.
Rusiya rəsmisi onu da bildirib ki, Ermənistanın KTMT-dən mümkün çıxması Qərbin oyunlarına yox, ölkənin real ehtiyaclarına əsaslanmalıdır.
Zaxarova hesab edir ki, belə bir mümkün addım Ermənistanın milli maraqlarına uyğun deyil:
“Bunu reallığa, ölkənin real ehtiyaclarına əsaslanaraq etmək lazımdır, bununla oynanılmamalıdır, Qərb ssenarisində başqa bir səhnənin cazibəsinə qapılmaq lazım deyil. Oynamaq çox təhlükəlidir, çünki bunlar təhlükəsizlik məsələləridir”.
Rusiya rəsmisi qeyd edib ki, İrəvanın niyə KTMT haqda mənfi rəy yaratdığını bilmir:
“Hesab edirəm ki, bu, Ermənistanın real və milli maraqlarına uyğun deyil. Əminəm, çünki belə bir məlumatım var. Bu, Brüsseldə hazırlanmış informasiya yemidir, Ermənistan vətəndaşlarını bol-bol bununla doydurmağa çalışırlar, KTMT haqda reallığa uyğun gəlməyən şeylər uydururlar. Şübhəsiz ki, KTMT-dən heç kimin başına pis heç nə gəlməyəcək”.
Zaxarova söyləyib ki, İrəvan son nəticədə qərar verəcək, amma olmayan faktlar əsasında bunu etməyə dəyməz. Diplomat əlavə edib ki, Ermənistan KTMT-də qalıb-qalmamağa özü qərar verəcək, amma KTMT-nin arxasında gizlənib məsuliyyətdən yayınmağa və “günahkar” axtarmağa ehtiyac yoxdur.