Üzvlük üçün Avropa Birliyindən (AB) gələn dəvət Ermənistandan Avrasiya İqtisadi Birliyi üzvlüyünə və onun iştirak etdiyi bu qurum çərçivəsində imzalanmış müqavilələrə yenidən baxmağı tələb edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin deputatları bir neçə həftə əvvəl Rusiyanı imperiyasızlaşdırmaq, müstəmləkəsizləşdirmək və federalizasiyadan azad etmək, yəni Rusiyanı bir dövlət kimi məhv etmək üçün Ukraynanın qələbəsinə çağıran bəyanat qəbul ediblər. İndi də Ermənistanı dəvət etmək qərarına gəliblər.
“Avropalılar Rusiyanı düşmən hesab edirlər. Ermənistana olan dəvət Ermənistanın AB-yə dəyər təqdim etməsi ilə yox, Brüsselin Ermənistanın Rusiyadan Qərbə yönəlməsi ilə bağlı yaranmış durumu gücləndirmək, Paşinyan hakimiyyətinin davranışından istifadə etmək istəyi ilə bağlıdır. Bu, Paşinyan hakimiyyətinin getdiyi yoldur, Avropa Parlamentinin üzvləri də buna təşviq edirlər”, - Zatulin vurğulayıb.
Siyasətçi AB-nin Ermənistanın anti-Rusiya münasibətindən istifadə etdiyini bildirib.