Avropa Parlamentinin bu gün keçirilən iclasında Avropa Birliyi (AB) ilə Ermənistan arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi və Azərbaycanla bu ölkə arasında sülh sazişi ilə bağlı qətnamə səsverməyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Avropa Xalq Partiyasının müəllifi olduğu sənəd bütün fraksiyaların birgə təşəbbüsü kimi təqdim olunub.
Qətnamə layihəsində Avropa Parlamentinin üzvləri konkret olaraq Ermənistana AB üzvlüyünə namizəd statusunun verilməsi imkanının nəzərdən keçirilməsini təklif edirlər.
“Əgər Ermənistan namizəd statusunun əldə edilməsində maraqlı olsa və onun demokratiyasını gücləndirən davamlı islahatlar yolunda davam etsə, bu, AB-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qərar layihəsində deyilir.
Deputatlar AB-nin icra orqanları, Avropa Komissiyası və Avropa Şurasını AB ilə təkcə iqtisadi tərəfdaşlıq yox, həm də siyasi dialoq, təhlükəsizlik, ictimai münasibətlər və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində Ermənistanı fəal dəstəkləməyə çağırıblar.
Ermənistanın AB-yə inteqrasiyasını sürətləndirməsi Rusiyanın sərt təpkisi ilə qarşılanıb.