KTMT Ermənistan siyasi elitasının bəzi narahatlığına baxmayaraq, ölkə rəhbərliyinin ayıq olacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqalı Tasmaqambetov deyib.

“Gizlətməyəcəm, bəzi hadisələr və əhval-ruhiyyə erməni elitasında təşviş yaradır. Amma Ermənistan rəhbərliyinin siyasi ayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndiriləcəyinə ümid edirik”, - baş katib İrəvanın KTMT-dən çıxıb-çıxmayacağı ilə bağlı suala cavabında bildirib.

Tasmaqambetov onu da söyləyib ki, Ermənistan son vaxtlar KTMT katibliyinin tədbirlərinə qatılmayıb, amma üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama da verməyib.

“İrəvan son vaxtlar KTMT katibliyinin işində həqiqətən iştirak etmir. Bu, indiki mərhələdə Ermənistanın qərarıdır, beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Buna baxmayaraq, təşkilatın fəaliyyəti tam formada davam edir.

Ermənistan rəsmilərinin bəyanatlarına gəlincə, katibliyə İrəvanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama daxil olmayıb”.