Ermənistan heç vaxt Avropa Birliyi (AB) və NATO-nun üzvü ola bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Bilmirəm nə dərəcədə ciddidir, amma indiki iqtidar söyləyir ki, NATO-ya üzv oluruq. Heç düşünmürəm ki, müraciət ediblər. Ümumiyyətlə, Ermənistan heç vaxt NATO və Avropa Birliyində olmayacaq. Biz üzv olanda Avropa Birliyi dağılacaq”, - sabiq baş nazir vurğulayıb.
Baqratyan ölkəsinin NATO və AB standartlarından uzaq olduğunu da qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Rusiyada satdığı keyfiyyətsiz mallarına Qərb bazarlarında satıcı tapa bilməyəcək:
“Əvvəla, NATO bizi belə qəbul etmir, sonra Rusiyanın NATO-ya doğru atılan addımlara dözəcəyini düşünmürəm. Həmçinin Rusiya həmişə yüksək keyfiyyətli olmayan pendir, konyak, şərab, ayaqqabılarımızı qəbul edir. Məsələn, yaxşı konyaklarımız var, amma bu qədər.
Əgər biz başqa bir təhlükəsizlik bloku ilə hərbi əməkdaşlığı davam etdirsək və ya heç olmasa bitərəf qalmasaq, o zaman Rusiyada erməni ayaqqabılarının keyfiyyətli olmadığını görməyə başlayacaqlar”.