Rusiyanın Soçi şəhərində keçirilən Dünya Gənclər Forumu zamanı baş verən hadisə Ermənistanda müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Baş nazir Nikol Paşinyan haqda sərt açıqlama verərək onu “satqın” adlandırıb.

Jurnalistin iddiasına görə, Paşinyan bir qədər də hakimiyyətdə qalsa, Ermənistan yoxa çıxacaq.

Forumda iştirak edən erməni gənclərdən birinin qaldırdığı sual qalmaqala səbəb olub. Aralarında rəsmilərin də olduğu Ermənistan nümayəndə heyətinin nümayəndələri Marqarita Simonyanın Nikol Paşinyana dediklərindən o qədər əsəbiləşiblər ki, etiraz əlaməti olaraq forum başa çatmamış ölkələrinə qayıdıblar.

Simonyan Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı bəyanatlara və Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinə toxunub.

Forumda iştirak edən bir erməni qızının bu durumda gənclərin nə etməli olduğu sualına Simonyan belə cavab verib:

“Ermənistan gəncləri bilməlidir ki, Paşinyan erməni xalqının satqınıdır, Ermənistanı tam məhvə aparır. Hakimiyyətdə qalmaqda və erməni cəmiyyəti də onu dəstəkləməkdə davam etsə, beş ilə Ermənistan məhv olacaq, yoxa çıxacaq”.

“Hraparak” qəzeti yazır ki, Rusiya lideri Vladimir Putinə yaxın simalardan biri olan və heç vaxt rəsmi çərçivədən kənar bəyanatlar verməyən Marqarita Simonyanın dedikləri təsadüfi deyil. Simonyan artıq Ermənistanda “arzuolunmaz şəxs” elan edilib.