Ermənistan Baş naziri Nikol Paşinyan SSRİ dönəmində verilmiş qərarı ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Nikol Paşinyan hökuməti dünən Rusiyaya daha bir “sərt şillə” vurub:
“Hökumətin iclasında Təhlükəsizlik orqanlarının peşə bayramı dekabrın 20-də yox, yanvarın 8-də qeyd olunması barədə qərar qəbul edilib.
Məsələ ondadır ki, 20 dekabr hələ SSRİ dövründə “Çekistlər günü” kimi qeyd olunurdu. Sovet İttifaqının dağılmasından sonra bir çox postsovet respublikalarında dekabrın 20-si Təhlükəsizlik orqanlarının peşə bayramı kimi qeyd olunmağa davam edir. Paşinyan hakimiyyətə gəldikdən sonra Soros şəbəkəsi hər il dekabrın 20-də Paşinyanı buna görə tənqid atəşinə tuturdu.
Dünənki qərar göstərir ki, Ermənistan Qərbə sədaqətini nümayiş etdirmək və Rusiyadan aralanmaq istiqamətində növbəti addım atdığını göstərmək üçün hətta əhəmiyyətsiz görünən məsələlərdə də bilərəkdən Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır”.