Rusiya sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanından çıxarılması ilə bağlı rəsmi Moskvanı məlumatlandırmışıq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, əvvəllər Ermənistanın buna ehtiyacı vardı, bu gün isə yoxdur.
“Hesab edirik ki, artıq Ermənistan institusional olaraq hava limanında sərhəd mühafizə xidmətini müstəqil həyata keçirməyə qadirdir, bu barədə Rusiya tərəfini məlumatlandırmışıq. Düşünürəm ki, Rusiya tərəfi üçün bu kifayət edəcək və məsələ bitəcək.
Erməni tərəfi məlumat verib ki, hava limanında Rusiya sərhədçilərinin sərhəd mühafizə xidmətinə ehtiyac yoxdur”, - Mirzoyan vurğulayıb.
Nazir əlavə edib ki, bildiriş müvafiq qurum vasitəsilə çatdırılıb.
Rusiya sərhədçilərinin başqa yerlərdə, məsələn, Türkiyə sərhədində olması ilə bağlı suala cavabında Mirzoyan bildirib ki, söhbət yalnız hava limanından gedir.