Ermənistan hökuməti Rusiyadan qurtulma planını sürətlə həyata keçirməyə başlayıb. Böyük ehtimalla bu planın hazılanmasında Brüssel, Paris və Vaşinqton iştirak edib. Bu üçlük Ermənistanı Rusiyadan qoparmağa çalışır. Plana görə, ilk növbədə Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanını tərki tələb edilməlidir. İrəvan müvafiq məktubu artıq Moskvaya göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, ikinci addım kimi KTMT-dəki fəaliyyətini donduran Ermənistan təşkilatdan çıxacaq:

“Üçüncü addım Ermənistanın Gürcüstan, Ukrayna və Moldova kimi Avropa İttifaqına üzvlük statusunun verilməsiylə bağlı Brüsselə müraciət etməsidir.

Kreml bu plana qarşı öz planını ya hazırlayıb, ya da bitirmək mərhələsindədir. Məsələn, Kreml İrəvanın “Rusiya sərhədçiləri “Zvartnots”dan çıxsın” məktubuna hansısa formada cavab verməlidir? Moskva Rusiya sərhədçilərini hava limanından çıxarmamaq üçün Ermənistanın keçmiş hakimiyyəti ilə 1992-ci ildə imzaladığı sazişə istinad edəcək. Həmin sazişə görə, Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Eyni saziş əsasında Rusiya sərhədçiləri “Zvartnots”da da yerləşiblər.

Baş nazir Nikol Paşinyan 2018-ci ildə verdiyi açıqlama bildirmişdi ki, Ermənistan Türkiyə sərhəddinin qorunması məsələsində Rusiya sərhədçilərinin xitmətindən imtina etməyəcək. Paşinyan bunun səbəbini də açıq söyləmişdi: “Türkiyə ilə sərhəd uzun olduğuna görə, sərhədə təkbaşına nəzarət Ermənistana böyük yük olar”.

Ermənistan rəsmiləri Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhədi tərk etməsi barədə indi də açıqlama vermirlər. Yalnız hava limanını tərk etməsini istəyirlər. Kreml bunun yarımçıq qərar olmasına işarə edəcək. İrəvan Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılmasını tələb etməyərək yalnız hava limanını tərk etməsini istəyirsə, Kreml məsələyə müsbət yanaşmaya da bilər. Çünki 1992-ci il sazişi Rusiya sərhədçilərinin Ermənistanda xidmət edəcəyi məntəqələrinin hamısını müəyyənləşdirib”.

Analizdə qeyd olunur ki, Ermənistan KTMT-ni tərk etməyə hazırlaşarkən boşluğu Avropa İttifaqı hesabına dolduracağına ümid edir:

“Buna sübut kimi Ermənistan müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelə ünvanladığı məktubu göstərmək olar. Papikyan məktubda Avropa Sülh Fondu vasitəsilə logistika və hərbi tibb sahəsində Brüsseldən yardım istəyib. Avropa Sülh Fondu hazırda Ukraynaya yardım edir və Kiyev göndərilən yardımın həcmindən məmnun deyil. Bu baxımdan, Avropa Sülh Fondunun daha uzaq Ermənistana necə yardım edəcəyi və bu hərbi köməklə bağlı Avropa İttifaqının bütün üzvləri arasında konsensus əldə edəcəyi sual altındadır”.