Dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları qapalı iclas keçiriblər. Toplantıda İrəvanın Avropa Birliyi (AB) üzvlüyünə namizəd olmaq üçün müraciət edəcəyi təqdirdə Ermənistanı gözləyən təhlükələr və imtiyazlar məsələlərini müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
İclasın əvvəlində maliyyə nazirinin müavinlərindən biri deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı geniş hesabat təqdim edib. Həmçinin AB-yə keçid nəticəsində ölkənin hansı iqtisadi risklərlə üzləşəcəyi qiymətləndirilib. Qriqoryan Ermənistanın Rusiya ilə göbək bağı ilə bağlı olduğunu etiraf edib və kəskin addımlar atılacağına, nəticədə həm Rusiya-Gürcüstan-Ermənistan yolunun erməni yükdaşıyıcılarının üzünə bağlanacağına, həm də ciddi təhlükəsizlik təhdidləri yarana biləcəyinə dair fikir bildirib.
Nəşr yazır ki, Qriqoryan partiya üzvlərini hər şeyin yaxşı olacağına inandırmayıb. O, həmçinin yaxın vaxtlarda KTMT-dən çıxmaq və Rusiyaya qarşı başqa addımlar atmağı planlaşdırmadıqlarını bildirsə də, İrəvandan Rusiya əleyhinə bəyanatların öz nəticəsini verdiyini söyləyib.
Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Ararat Mirzoyana zəng edib, regional məsələləri müzakirə edib. Bu, Qriqoryanın rus sərhədçilərini “Zvartnots”dan çıxarmaq barədə bəyanatından sonra baş tutubş Bununla belə, o, Ermənistanın bu məsələdə qətiyyətli olduğunu qeyd edib və bu barədə Rusiyaya rəsmi məktubla məlumat verib.