“Avropa Parlamentindəki (AP) çıxışından sonra Paşinyanı ayaq üstə alqışladılar. Nə olsun? Bizim üçün nəsə dəyişdi?”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı Avanes Saakyan deyib.
“Nikol dəvət etdilər, o da gedib çıxış etdi, alqışlandı, heç nə. Əvəzində başqa bir təxribat oldu. Bu, növbəti belə hadisədir, Ermənistanı yenidən Rusiyadan qoparmağa, Ermənistanı Gürcüstana, Ukraynaya, Abxaziyaya çevirməyə cəhdlər edildi. Biz Gürcüstanın başına gələnləri görmüşük, Ukraynada nə baş verdiyini görürük. İtkilər, iqtisadi böhran və sair. Həmin dövlətlər bundan (Rusiyaya qarşı çıxmaqdan) heç nə qazanmadılar. Ən azı onların əraziləri böyükdür, itkiləri gözlərinə görünmür, ermənilərin isə köçməyə yeri yoxdur”, - siyasətçi bildirib.
Saakyan Ermənistan baş nazirinin AP-dakı çıxışında Rusiya əleyhinə səsləndirdiyi sərt fikirlərin ölkəsi üçün ciddi nəticələrinin olacağını istisna etmir.