BAKI, 7 sentyabr. TELEQRAF

"Bu ilin sonuna qədər Azərbaycanın külək enerjisi istehsalının təxminən 6 dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağı gözlənilir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

Nazir bildirib ki, gələn ilin sonuna qədər təxminən 2 qiqavat həcmində günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiya olunacağı və bunun nəticəsində ildə 2,4 milyon ton emissiyanın qarşısının alınacağı gözlənilir: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yaşıl keçidinin əsas istiqamətləridir. Burada yenidənqurma, enerji və iqlim siyasətləri bir araya gəlir.

Naxçıvanda Yaşıl Enerji Zonası konsepsiyasının həyata keçirilməsi istiqamətində də ardıcıl addımlar atırıq. Digər strateji prioritet yaşıl enerjinin regional və regionlararası bağlantılar vasitəsilə beynəlxalq bazarlara çıxarılmasıdır.

Ümumi gücü 3 900 meqavat olacaq Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib”.

P. Şahbazov əlavə edib ki, 2032-ci ildən etibarən bu dəhlizin ilk mərhələsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Bağlantısının fəaliyyətə başlaması gözlənilir.