BAKI, 10 sentyabr. TELEQRAF

Əgər dünyadakı ümumi vəziyyətdən danışsaq, açıq şəkildə etimadsızlıq, münaqişələr və çoxsaylı parçalanmaların olduğu bir dünyada yaşadığımızı demək olar.

Teleqraf xəbər verir ki, bunu COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə çıxışında deyib.

O bildirib ki, lakin belə bir şəraitdə yaşıl gündəlik və iqlim gündəliyi həqiqətən də birləşdirici gündəlikdir.

Deputatın sözlərinə görə, gələcəyə nəzər saldıqda və geosiyasi vəziyyəti nəzərə aldıqda regional əməkdaşlığın son dərəcə vacib olduğu aydındır:

"Bu, getdikcə daha da əhəmiyyətli olacaq. Qəti şəkildə inanıram ki, ölkələr öz problemlərini öz regionları daxilində həll etməlidirlər. Bu, son dərəcə vacib məsələdir. Nə baş verməsindən asılı olmayaraq, iqtisadi, siyasi və ya digər problemlərinizi həll etmək üçün üçüncü tərəfi dəvət edə bilməzsiniz. Buna görə də regional əməkdaşlığın çox vacib olacağı ilə bağlı sual olduqca aktualdır".

O bu məsələdə xüsusilə süni intellektdən istifadəyə də diqqət çəkib:

"Süni intellekt enerji tələbatını daha dəqiq proqnozlaşdırmağa və bərpa olunan enerjinin elektrik şəbəkəsinə inteqrasiyasını yaxşılaşdırmağa kömək edə bilər. O, problemləri nasazlığa çevrilməzdən əvvəl müəyyən edə, binaların və sənaye sistemlərinin enerji səmərəliliyini artıra bilər. Süni intellekt batareyaların və digər enerji saxlanc formalarının idarə edilməsinə də kömək edə bilər. Nəzərə almalıyıq ki, süni intellektin özü də əhəmiyyətli həcmdə enerji və hesablama infrastrukturu tələb edir. Lakin biz süni intellekt və enerji arasındakı əlaqəni hər iki istiqamətdə nəzərdən keçirməliyik. Bizə süni intellektin inkişafını dəstəkləyə biləcək enerji sistemləri, eyni zamanda bu enerji sistemlərini daha səmərəli, dayanıqlı və davamlı etməyə kömək edə biləcək süni intellekt lazımdır. Bu, regionumuz üçün də böyük fürsətdir. Çünki region ölkələrinin günəş, külək və digər bərpa olunan enerji mənbələri sahəsində əhəmiyyətli potensialı var. Eyni zamanda, artan rəqəmsal imkanlara, istedadlı gənclərə və güclü elmi müəssisələrə sahibik. Buna görə də texnoloji inkişafın yaratdığı imkanları araşdırmalı və onlardan enerji sistemlərində də istifadə etməyə çalışmalıyıq".