BAKI, 10 iyul. TELEQRAF

Beynəlxalq Enerji Agentliyi (BEA) 2026-cı il üzrə qlobal neft təklifi üzrə proqnozunu sutkada 0,2 milyon barel artırıb.

Teleqraf xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd edib.

Sənədə əsasən, cari ildə qlobal neft təklifi sutkada 3,7 milyon barel azalaraq 102,6 milyon barel təşkil edəcək.

Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdə neft tranzitinin bərpası fonunda 2027-ci ildə qlobal neft təklifi sutkada 7,5 milyon barel artaraq 110,1 milyon barelə çata bilər.

ABŞ və İran arasında əldə olunan razılaşma fonunda Fars körfəzi ölkələrinin neft hasilatını bərpa etməsi nəticəsində iyunda qlobal neft tədarükü sutkada 4,1 milyon barel artaraq 98,8 milyon barel olub.

EA qeyd edib ki, artımın yarıdan çoxu OPEC+ ölkələrinin payına düşüb.

İyunun sonunda Hörmüz boğazı vasitəsilə neft tranzitinin həcmi kəskin artıb, neft və kondensat tədarükü sutkada 13,2 milyon barelə yüksəlib. Bu artım əsasən əvvəlcədən yığılmış ehtiyatların bazara çıxarılması hesabına təmin olunub.

Hesabata görə, iyulun əvvəlindəki eskalasiya nəticəsində neft tədarükü demək olar ki, dayanıb. Bildirilib ki, tədarükün bərpası deeskalasiyadan və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsindən asılı olacaq. Bu da tanker daşımalarının yenidən bərpasına şərait yaradacaq.

Bununla yanaşı, agentlik cari ildə qlobal neftə tələbatının sutkada 1,047 milyon barel azalacağını proqnozlaşdırıb. Bu, 2020-ci ildən bəri ilk illik azalma olacaq.

BEA-nın məlumatına görə, mayda neft tələbi sutkada 5,3 milyon barel azalaraq 97,9 milyon barelə düşüb.

Proqnoza görə, qlobal neft tələbinin illik azalma tempi 2026-cı ilin ikinci rübündə orta hesabla sutkada 4,8 milyon barel olduğu halda, üçüncü rübdə sutkada 1,7 milyon barelədək zəifləyəcək. Dördüncü rübdə isə tələbin sutkada 1,2 milyon barel artacağı gözlənilir.

Bundan əlavə, 2026-cı ildə neftə olan tələbin sutkada 103,463 milyon barel, 2027-ci ildə isə 105,469 milyon barel təşkil edəcəyi proqnozlaşdırılıb.