BAKI, 19 avqust. TELEQRAF
"Azəri–Çıraq–Günəşli" (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasında bu gündən başlayaraq 11 gün müddətində planlaşdırılmış profilaktik işlər həyata keçiriləcək.
Bu barədə Teleqraf-a "BP Azerbaijan" şirkətindən məlumat verilib.
Bildirilib ki, proqramda nəzərdə tutulan işlər aparılarkən platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq, çünki hazırda platformalarda tətbiq edilən qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir.
"Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.
"Azəri" sahəsindəki qurğuların həm layihələndirməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edildiyinə görə həmin müddət ərzində "Şərqi Azəri" və "Qərbi Azəri" platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq.
Bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir.
Proqram həmçinin Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulan Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrasına aid bəzi işləri də əhatə edəcək. Bu işlərə qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması daxildir".
Şirkətin məlumatında həmçinin əlavə olunub ki, "Mərkəzi Azəri" platformasında aparılacaq profilaktik işlər proqramı normal əməliyyatların bir hissəsidir və planlaşdırılmış şəkildə həyata keçirilir:
"Bu proqramın planlaşdırılması işlərinə 2025-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Hasilatın müvəqqəti azaldılması da bu ilin hasilat planında nəzərdə tutulub.
AÇG-nin digər platformalarından, həmçinin "Şahdəniz" yatağının platformalarından hasilat, və "Səngəçal" terminalında əməliyyatlar normal davam edəcək.
Profilaktik xidmət, təmir və modifikasiya işlərindən ibarət olan bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir".