BAKI, 26 avqust. TELEQRAF

“İndiyədək Rusiyadan heç kim Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı zəng etməyib, ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bunun heç bir mənası yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

O bildirib ki, Ermənistanın hüquq-mühafizə və məhkəmə sistemlərinin işinə digər dövlətlərin müdaxiləsi qəbuledilməzdir. Simonyan həmçinin qeyd edib ki, Robert Köçəryanın işi Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş prosedurlar çərçivəsində araşdırılmalıdır.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu dünən Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açıb. Bu iş çərçivəsində onun böyük oğlu Sedrak Köçəryan və daha doqquz nəfər həbs edilib.

Dünən Korrupsiyaya qarşı Mübarizə Komitəsində dindirilmə zamanı Robert Köçəryanın səhhəti pisləşib və dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Müalicəsi bitdikdən sonra məhkəməyə çıxarılacaq Ermənistanın keçmiş prezidenti barəsində də həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Artıq müalicəsi bitdikdən sonra saxlanılaraq məhkəməyə gətirilməsi üçün vəsatət təqdim olunub.