BAKI, 26 avqust. TELEQRAF
Ukraynanın Zaporojye vilayətinin doqquz kəndində hərbi durumla əlaqədar uşaqların məcburi təxliyəsi elan edilib.
Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Zaporojye hərbi administrasiyasının rəhbəri İvan Fedorov imzalayıb.
Vilayət rəhbəri mümkün döyüş əməliyyatları zonasından uşaqların məcburi şəkildə təxliyə edilməsini tapşırıb.
Təxliyə 30 gün ərzində həyata keçirilməlidir.
Uşaqlar valideynləri, valideynlərdən biri, digər ailə üzvləri, qohumları və ya qanuni nümayəndələri ilə birlikdə yaşayış yerlərindən götürülərək Zaporojye vilayətinin tranzit mərkəzinə aparılacaqlar. Valideynlərin razılığı ilə uşaqlar müşayiətsiz və ya digər şəxslərlə birlikdə də təxliyə edilə bilərlər.