BAKI, 26 avqust. TELEQRAF
“Avropa Komissiyasının komissarı Marta Kos Gürcüstanı ancaq ölkədə “qara pullar”ın daxil olmasının artıq mümkün olmamasından narahatlığını ifadə edəndə xatırlayır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Hüquq Komitəsinin sədri Arçil Qorduladze deyib.
Deputat iddia edib ki, Avropa İttifaqında (Aİ) Gürcüstanda zorakılıqların, aksiyaların və ksenofobik kampaniyaların maliyyələşdirilməsində istifadə olunması üçün “qara pullar”ı ölkəyə gətirməyin müxtəlif yollarını axtarırlar:
“Marta Kos bundan narahatdır və bu kontekstdə həmişə Gürcüstanı xatırlayır. Amma Avropa İttifaqının müxtəlif qurumlarının apardığı araşdırmalarda və yayımladığı hesabatlarda Gürcüstanın, məsələn, Moldova və ya üzvlüyə digər namizəd ölkələrlə müqayisədə qabaqcıl mövqelər tutmasından danışmır. Bu, onlar üçün Gürcüstanın nə etdiyinin və ölkənin inkişafı üçün hansı addımları atdığının faktiki olaraq heç bir əhəmiyyət daşımadığının daha bir sübutudur. Onlar üçün əsas məsələ siyasi məqsədəuyğunluqdur.
Gürcüstan haqqında ancaq mənfi kontekstdə danışırlar, hətta bəzən geosiyasətə, coğrafiyaya və xəritəyə də baxmırlar. Avropa komissarları Gürcüstan haqqında danışmırlar. Dənizə çıxışı olan ölkələrin iştirakı ilə sammit keçiriləndə belə Gürcüstanı unudurlar. Onlara tövsiyəmiz xəritəyə baxmalarıdır”.
Qorduladze iddia edib ki, Gürcüstanın hazırda Avropa İttifaqına ehtiyacı olduğu kimi, coğrafi mövqeyi və yerləşməsi nəzərə alınmaqla, bu mərhələdə Aİ-nin Gürcüstana daha çox ehtiyacı ola bilər.