BAKI, 25 avqust. TELEQRAF
“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərində olduğu kimi Ağdərədə də elektrik təsərrüfatını yeniləyir. Doğma yurdlarına qovuşan sakinlər keyfiyyətli elekrik enerjisi ilə təmin olunurlar.
Teleqraf xəbər verir ki, rayon ərazisində 0.4 və 35 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. Yenidənqurma işləri Ağdərənin Həsənriz, Kolatağ, Qozlu, Çıldıran, Çardaxlı, Meqrelatay, Aşağı Oratağ kəndlərini də əhatə edib. Həmin ərazilərdə 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrinin quraşdırılması həyata keçirilir.
Köç olan digər yaşayış məntəqələrində – Çapar, Heyvalı və Vənglidə də elektrik şəbəkəsi yenilənir. Həmin ərazilərdə 0.4 və 35 kV-luq metal dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin rayonun mövcud elektrik şəbəkəsində təmir-bərpa işləri davam etdirilir.
“Azərişıq” ASC Ağdərə ilə yanaşı ölkənin bütün regionlarda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini həyata keçirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək, enerji itkisini minimuma endirməkdir.