BAKI, 31 iyul. TELEQRAF
"Magistratura üzrə müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin akademiyalarında plan yerləri tam, Dövlət İdarəçilik Akademiyası, İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyasında isə 90% və daha çox dolub".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticənin Bakı Avrasiya Universiteti (21.30%) və Azərbaycan Kooperasiya Universitetinə (36.51%) aid olduğunu bildirib.
"Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq. Qəbul oluna bilməyən bakalavrlar yenidən seçim edə biləcəklər.
Qəbul 67 proqram üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi proqramlarında plan yerləri tam dolub. Mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət sahələrində isə plan yerlərinin 50 faizdən çoxu boş qalıb",- o vurğulayıb.