BAKI, 31 iyul. TELEQRAF
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri magistraturaya qəbul olunub.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.
Onun sözlərinə görə, bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur.
"Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdursa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib.
2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub.
Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi", - DİM sədri qeyd edib.