BAKI, 22 yanvar. TELEQRAF
Ölkə üzrə ilk dəfə Bakı şəhəri 11 nömrəli xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
2025-2026-cı tədris ilindən etibarən yaradılan sinfin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb.
Bildirilib ki, tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.
Peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.
Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış keçirilib.
MÜTDA-nın direktor müavini Vəfa Yaqublu bildirib ki, məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı, özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəlli səriştələrinin formalaşması vacibdir.
Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.