BAKI, 19 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Əl Səud CNN-ə verdiyi açıqlamada İrana qarşı hərbi əməliyyatın keçirilməsini istisna etməyib.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda regional xarici işlər nazirləri ilə görüşdən sonra Əl-Səud ölkə rəhbərliyinin zəruri hesab edərsə, İrana cavab veriləcəyini qeyd edib.

"Ölkəmizi və iqtisadi resurslarımızı müdafiə etməkdən çəkinməyəcəyik", - deyə o bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri İranı "adi səudiyyəlilərin dolanışıq vasitələrinə hücum etməkdə" günahlandırıb: "Bunun məqsədi nədir? Neft emalı zavoduna hücumda hansı hərbi məqsədlər ola bilər?"

Əl-Səud həmçinin İranın "diplomatiyadan imtina qərarını" tənqid edib.

"İran qonşuları ilə danışıqlara inanmır və təzyiq göstərməyə çalışır. Mən qəti şəkildə deyə bilərəm ki, bu, nəticə verməyəcək. Krallıq təzyiqə təslim olmaq niyyətində deyil. Əksinə, bu təzyiq əks təsir göstərəcək" - XİN rəhbəri qeyd edib.