TBİLİSİ, 20 may. TELEQRAF

Gürcüstan Yazıçılar Birliyinin (GYB) Azərbaycan bölməsinin “Şəfəq – Sxivi” adlı ədəbi mətbu orqanının nəşri maliyyə dəstəyinin olmaması səbəbindən dayandırılıb.

Bunu Teleqraf-ın yerli bürosuna açıqlamasında GYB-nin həmsədri Bağatur Arabuli bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan bölməsinin təsis olunmasından sonra Azərbaycan və gürcüdilli 400 səhifəlik jurnalın nəşrinə başlanıldı.

“Şəfəq – Sxivi” dərgisinin ilk sayı 2018-ci ilin martında işıq üzü gördü. Təəssüflər olsun ki, nəşrini davamlı etmək mümkün olmadı. Gürcüstan Yazıçılar Birliyi dövlət büdcəsi hesabına maliyyələşmir. Birliyin nəşrləri sponsorların dəstəyi hesabına çap edilir. Jurnalın nəşrinin bərpası çox vacibdir, belə ki, Azərbaycan və gürcüdilli oxuculara hər iki xalqın ədəbiyyatlarını qarşılıqlı tanıtmaq funksiyasını daşıyırdı. Nəşrin bərpası ilə bağlı Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinə müraciət etməyi düşünürük. Ümid edirik ki, müraciətlərimiz müsbət qarşılanacaq və dərginin yeni saylarının işıq üzü görməsinə nail olacağıq”, - B.Arabuli söyləyib.

Həmsədr qeyd edib ki, “Şəfəq – Sxivi” jurnalının bəzi sayları Azərbaycan bölməsinin sədri Allahverdi Təkləlinin şəxsi vəsaiti hesabına nəşr edilib.

A.Təkləli öz növbəsində bildirib ki, ədəbi topluda Azərbaycanla gürcü xalqlarının ədəbiyyat və mədəniyyətlərinin bir-birinə tanıdılması üçün iki dildə məqalələr, əbədi nümunələr və tərcümələr yer alırdı. O, dərginin nəşrinin bərpası və davamlı olması üçün maddi dəstəyə ciddi ehtiyacın olduğunu bildirib.