BAKI, 1 noyabr. TELEQRAF

Niderlandın Haaqa şəhərində keçirilən gənclərin etiraz aksiyası iğtişaşlarla müşayiət olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Hart van Nederland” portalı məlumat yayıb.

Məlumata görə, saxlanılanların böyük əksəriyyəti Niderlandın müxtəlif bölgələrindən gələn yetkinlik yaşına çatmayan şəxslərdir. Onlar zorakılıqda iştirak etməkdə, qadağan olunmuş pirotexniki vasitələrdən istifadə etməkdə, eləcə də üzü gizlədən geyimlərin qadağan edilməsini pozmaqda şübhəli bilinirlər.

Toqquşmalar zamanı etirazçılar polis əməkdaşlarına yanan pirotexniki vasitələr atıblar. Nəticədə bir polis əməkdaşı xəsarət alıb və eşitmə qabiliyyətində problem yaranması ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Polis mağazaların talan edilməsinin və vandalizm hallarının qarşısını ala bilib.

Haaqa Sahibkarlar Birliyinin rəhbəri Bas Vinkler bildirib ki, gücləndirilmiş təhlükəsizlik tədbirləri biznesə ciddi maliyyə zərəri vurur. Xüsusilə mağazaların vitrinlərinin faner lövhələrlə bağlanması və bir sıra ticarət obyektlərinin fəaliyyətini müvəqqəti dayandırması sahibkarların itkilərinə səbəb olub. Zərərin bir neçə min avroya çata biləcəyi bildirilir.