Çinin Qiymətli Kağızlar Tənzimləmə Komissiyasında korrupsiyaya nəzarət üzrə müfəttiş işləmiş Van Huymin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 436 milyon yuandan (təxminən 65 milyon ABŞ dolları) çox pul və əmlakı rüşvət kimi qəbul etdiyi üçün edam cəzasına məhkum edilib.

Teleqraf "Sinxua" agentliyinə istinadla xəbər verir ki, Çendu Şəhər Xalq Məhkəməsinin qərarına əsasən, 2 illik sınaq başa çatdıqdan sonra edam cəzası ömürlük həbslə əvəz oluna bilər.

Məhkəmə Van Huyminin ömürlük siyasi hüquqlarından məhrum edilməsi və bütün şəxsi əmlakının müsadirə olunması barədə qərar çıxarıb.

Qərarda qeyd olunur ki, 1998-2025-ci illər ərzində Van Huymin Sincan Uyğur Muxtar Rayonunda və Qiymətli Kağızlar Tənzimləmə Komissiyasında tutduğu vəzifələrdən sui-istifadə edərək, rüşvət müqabilində müxtəlif qurumlara və şəxslərə biznes fəaliyyətində kömək edib. Məhkəmə Van Huyminin həbs olunduqdan sonra cinayətlərini səmimiyyətlə etiraf etməsini, istintaqa məlum olmayan cinayət faktlarını könüllü şəkildə açıqlamasını, günahını boynuna alaraq peşmançılıq hissi keçirməsini yüngülləşdirici hal kimi qəbul edib və ona 2 illik sınaq müddəti təyin edib. 2 illik sınaq müddəti ərzində yeni cinayət törədilmədiyi təqdirdə, ölüm cəzası ömürlük həbslə əvəz olunacaq.