BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Konqresdəki demokratların Rusiyaya planlaşdırıldığı iddia olunan səfərindən imtina etməsi ilə bağlı müraciətini cavabsız qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri Ceymi Raskin və Cim Hayms FTB direktoruna məktub ünvanlayaraq onu qərarına yenidən baxmağa və Rusiyaya mümkün səfərini ləğv etməyə çağırıblar.

Konqresmenlər həmçinin Pateldən səfər planları barədə qanunverici orqanı məlumatlandırmasını istəyiblər. Lakin FTB rəhbəri müraciətə cavab verməyib.

Qeyd edək ki, Ceymi Raskin Nümayəndələr Palatasının Hüquq Komitəsində demokratların aparıcı nümayəndəsi, Cim Hayms isə Palatanın Kəşfiyyat üzrə Daimi Xüsusi Komitəsinin sədr müavinidir.

Xatırladaq ki, “Politico” nəşri iyulun 20-də Vaşinqton administrasiyasındakı mənbəyə istinadən Keş Patelin oktyabrın ortalarında Rusiyaya səfər etməyi planlaşdırdığını yazmışdı.

FTB-nin mətbuat xidməti səfərlə bağlı məlumatın təsdiqlənməsi üçün göndərilən sorğuya cavab verməyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl Patelin Moskvaya mümkün səfəri barədə məlumatının olmadığını bildirib.