BAKI, 10 oktyabr. TELEQRAF
ABŞ və Ukrayna nümayəndə heyətləri Avropa təmsilçilərinin iştirakı ilə Mayamidə təhlükəsizlik təminatları, enerji məsələləri və Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda Ukraynanın qış mövsümünə hazırlığı, enerji sisteminin dayanıqlığının təmin edilməsi və taxıl ixracı kimi təxirəsalınmaz məsələlərə xüsusi diqqət yetirilib.
Görüşdə həmçinin gələcək münaqişələrin qarşısının alınması məqsədilə Ukrayna və Avropanın uzunmüddətli təhlükəsizliyinə dair razılaşmaların perspektivləri nəzərdən keçirilib.
Tərəflər Ukraynanın müharibədən sonrakı bərpasına dəstək, iqtisadi inkişaf imkanları və ölkənin Avropa İttifaqına üzvlüyü məsələlərini də müzakirə ediblər.
“Fikir mübadiləsi məhsuldar keçdi və ABŞ ilə Rusiya arasında növbəti təmaslar ərəfəsində əlavə araşdırılması vacib olan istiqamətləri müəyyənləşdirməyə imkan verdi”, – Uitkoff bildirib.
ABŞ rəsmisi görüşdə konkret razılaşmaların əldə edilib-edilmədiyi barədə əlavə məlumat verməyib.