BAKI, 8 oktyabr. TELEQRAF

Suriya hökuməti İraq neftinin ölkə ərazisindən tranziti üçün Bağdadla quru marşrutunun razılaşdırılmasını yaxın vaxtlarda başa çatdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu Suriyanın dövlət “Syrian Petroleum Company” şirkətinin baş direktoru Yusif Kiblavi “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni marşrut İraq neftinin ixracını Hörmüz boğazından kənar istiqamətlərə yönəltməyə imkan verəcək.

“İraq neftinin yük maşınları ilə Suriya üzərindən ixracının yaxın vaxtlarda başlayacağını gözləyirəm. İki hökumət arasında razılaşma demək olar ki, əldə olunub”, – Kiblavi deyib.

O, oktyabrın ortalarınadək İraq nefti daşıyan ilk yük maşınları karvanının Suriyaya çatacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, avqustun 29-da İraqın Baş naziri Əli əz-Zeydi aidiyyəti qurumlara Suriya ərazisindən Baniyas, eləcə də Livanın Tripoli limanı vasitəsilə Aralıq dənizinə neft nəqlinin bərpası layihələrinin hazırlanmasını sürətləndirməyi tapşırıb.

İraq hökuməti bununla ölkənin neft ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir.