BAKI, 8 oktyabr. TELEQRAF
Amerikalı milyarder Ceff Bezosun təsis etdiyi “Blue Origin” aerokosmik şirkəti dekabr ayında “New Glenn” ağır daşıyıcı raketinin növbəti buraxılışını həyata keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Ceff Bezos “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, may ayında baş verən partlayışdan sonra raketin qısa müddətdə yenidən buraxılacağına çoxları inanmayıb.
“Bu ilin dekabrında həmin raketi yenidən buraxmağa hazırlaşırıq. Qarşılaşdığımız fövqəladə hadisədən sonra bunun mümkün olacağına heç kim inanmırdı. Lakin komandamız bir araya gələrək buraxılış meydançasının bərpası üçün inanılmaz iş gördü”, – Bezos deyib.
Qeyd edək ki, “New Glenn” raketinin ilk buraxılışı 2025-ci ilin yanvarında həyata keçirilib.
2026-cı ilin mayında isə raket mühərrik sisteminin sınaqları zamanı partlayıb. ABŞ mediasının məlumatına görə, hadisə nəticəsində Floridanın Kanaveral burnundakı kosmodromun 36 saylı buraxılış kompleksinə ciddi ziyan dəyib.
“Politico” nəşri həmin vaxt partlayışın “Blue Origin” şirkətinin NASA-nın Ayın tədqiqi proqramında iştirak planlarını gecikdirə biləcəyini yazmışdı.
Şirkət indi dekabr buraxılışı ilə raketin uçuşlarının bərpasını hədəfləyir.