BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ-nin beşinci nəsil F-35 qırıcı təyyarəsinə aid hissələrin Çinə göndərilməsinin səbəbi məlum olub.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə beynəlxalq yükdaşıma və logistika şirkəti UPS-in əməkdaşının səhlənkarlığı nəticəsində baş verib.
Şirkət əməkdaşı yükün Honkonq üzərindən daşınmasının qadağan edildiyi barədə elektron məktubu diqqətdən qaçırıb.
Məktubda ABŞ-nin Silahların Beynəlxalq Ticarəti Qaydalarına (ITAR) əsasən, F-35 qırıcısının kabinəsinin şəffaf örtüyünün və silah bölməsinin qapağının müəyyən ölkələr üzərindən tranzit daşınmasının yolverilməz olduğu bildirilib.
Əvvəlcə hərbi təyinatlı hissələrin Avstraliyadan birbaşa San-Fransiskoya göndərilməsi planlaşdırılıb. Lakin daşınmada gecikmə yarandığından prosesi sürətləndirmək məqsədilə yükün Honkonq üzərindən çatdırılması barədə yanlış qərar qəbul edilib.
Hadisə ABŞ Konqresində narahatlıq doğurub. Konqres üzvləri Amerika silahlarının qlobal təchizat zəncirinin yoxlanılmasını tələb ediblər.
İnsidentlə əlaqədar Pentaqon və ABŞ Dövlət Departamenti araşdırmalara başlayıb.
ABŞ Müdafiə Nazirliyi sentyabrın 18-də yaydığı açıqlamada yükün geri qaytarılması, hadisənin səbəblərinin müəyyənləşdirilməsi və oxşar halların təkrarlanmaması üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində iş aparıldığını bildirib.