BAKI, 7 avqust. TELEQRAF

Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat nəticəsində saxlanılan Nadir Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Nadir Muradov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin əməliyyat zamanı bir neçə vəzifəli şəxs, o cümlədən 10 ildir birinci müavin işləyən Nadir Muradov həbs edilib. Bu hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.

Bildirilib ki, Nadir Muradova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.