BAKI, 7 avqust. TELEQRAF

Bir sıra Avropa ölkələri Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket verməkdən boyun qaçırıb. Bu raketlər olmadan rəsmi Kiyev paytaxtı hava hücumlarından qoruya bilmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" (WP) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, 2026-cı ildə ABŞ Prezidenti Donald Trampın hökuməti Avropa ölkələrini Ukraynaya bu qoruyucu raketlərdən göndərməyə razı salmağa çalışıb. Lakin Avropa dövlətləri öz təhlükəsizliklərini zəiflətməkdən qorxduqları üçün ABŞ-nin bu xahişinə "yox" deyiblər.

Ukraynalı rəsmilərdən biri qəzetə vəziyyətin çətinliyini belə izah edib:

"Hazırda əlimizdə qoruyucu raketlər yoxdur. Yaxın aylarda onları lazımi qədər tapa biləcəyimizə də inanmıram".