BAKI, 25 iyul. TELEQRAF
Çin Pakistanın İran və ABŞ arasında silahlı münaqişənin nizamlanması istiqamətində vasitəçilik səylərini dəstəkləyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Çinin xarici işlər naziri Van İ bildirib ki, Pekin bu istiqamətdə İslamabadın təşəbbüslərinə yardım göstərəcək.
"Çin tərəfi İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasında Pakistanın oynadığı əsas rolu yüksək qiymətləndirir. Biz Pakistanın vasitəçilik səylərini tam şəkildə dəstəkləməyə, bütün tərəflərin dialoq və danışıqlara qayıtmasına kömək etməyə, hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına töhfə verməyə davam edəcəyik", - deyə Van İ bildirib.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Van İ iyulun 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Darla görüşüb.
Van İ qeyd edib ki, Pekin ŞƏT və BMT kimi çoxtərəfli platformalarda İslamabadla əməkdaşlığı gücləndirməyə, iki ölkənin maraqlarını, eləcə də Qlobal Cənub ölkələrinin qanuni hüquq və mənafelərini birgə müdafiə etməyə hazırdır.
Çinli nazir bildirib ki, o, iki ölkə liderləri arasında əldə olunmuş mühüm razılaşmaların yerinə yetirilməsinin, bütün səviyyələrdə əlaqələrin inkişaf etdirilməsinin və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan xarici işlər naziri İshaq Dar isə Çinlə koordinasiyanın əhəmiyyətini qeyd edib. O bildirib ki, Fars körfəzi və Yaxın Şərqdə gərginliyin artması heç bir ölkənin maraqlarına uyğun deyil.
Dar Pakistanın gələcəkdə də vasitəçilik səylərini davam etdirəcəyini və Pekinin dəstəyini yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin ŞƏT çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə, regionda sülh, inkişaf və sabitliyin təmin olunması üçün birgə fəaliyyətə hazır olduqlarını vurğulayıb.