BAKI, 18 iyul. TELEQRAF

Polşa və Ukrayna onların təhvil verilməsi şərtləri ilə bağlı razılığa gələ bilməsələr, Bolqarıstan Polşanın MiQ-29 qırıcılarının alternativ alıcısına çevrilə bilər.

Teleqraf xəbər verir ki, bunu "Ukrinform"a müsahibəsində Polşanın keçmiş milli müdafiə naziri Yanuş Oniskieviç bildirib.

Onun sözlərinə görə, Varşavanın son qərarı potensial fayda və zərər nisbətindən asılı olacaq.

"Polşada resursları tükənən MiQ-lər var, yəni onlar artıq təhlükəsiz uça bilmirlər, ona görə də Polşa onları tədricən xidmətdən çıxaracaq. Ukraynanın gözlədiyi kimi, MiQ-lərin tam döyüş hazırlığına qaytarılması böyük əlavə xərclər tələb edir", - deyə Onişkeviç qeyd edib.

O izah edib ki, Polşanın bu qırıcılardan imtina etməsinin səbəblərindən biri istismar və modernləşdirmənin baha olmasıdır.

Keçmiş nazirin sözlərinə görə, əvvəlcə Ukraynanın Polşanın MiQ-29 təyyarələrini ehtiyat hissələri mənbəyi kimi istifadə edəcəyi və ya müstəqil şəkildə istismar üçün yararlı vəziyyətə gətirəcəyi düşünülürdü. Eyni zamanda, bu iş Polşa tərəfindən həyata keçiriləcəksə, sual yaranır: təyyarənin bərpasını kim maliyyələşdirəcək.

Oniskieviç qeyd edib ki, hər iki tərəf həddindən artıq gözləntiləri ucbatından bir qədər çıxılmaz vəziyyətə düşüblər və buna görə də gecikmələr baş verib.