BAKI, 8 iyul. TELEQRAF

Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi yekunlaşıb.

Teleqraf xəbər verir ki, sammitin sonunda qəbul edilən və "Ankara Bəyannaməsi" adlandırılan yekun sənəd alyansın gələcək strategiyası, regional təhlükəsizlik və Ukraynaya göstəriləcək genişmiqyaslı dəstəyi rəsmiləşdirib.

Bəyannamədə Rusiya Avro-Atlantik təhlükəsizliyi üçün uzunmüddətli təhdid kimi xarakterizə edilib və alyansın bu təhdidlərə qarşı müdafiə potensialının daha da gücləndirilməsi qərara alınıb.

Müttəfiqlər 2026-cı ildə Ukraynaya hərbi texnika, təlimlər və digər zəruri dəstək məqsədilə 70 milyard avro həcmində yardım ayıracaqlarını bəyan ediblər. 2027-ci ildə də bu dəstəyin ən azı eyni səviyyədə saxlanılması barədə razılıq əldə olunub. Lakin bəyannamədə Ukraynanın alyansa qəbulu ilə bağlı konkret tarix və ya öhdəlik qeyd edilməyib.

Sammit müddətində ümumi dəyəri 50 milyard dollardan çox olan yeni hərbi kontraktlar və satınalma müqavilələri imzalanıb. Statistik məlumatlara əsasən, Avropa ölkələri və Kanadanın 2025-ci ildə müdafiə sahəsinə ayırdığı vəsait 139 milyard dollara çatıb.

Alyans ölkələri İranın nüvə silahına yiyələnməməli olduğunu vurğulayıb və Tehran rejimini Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməyə çağırıb.

NATO-nun kollektiv müdafiə prinsipini ehtiva edən 5-ci maddəsinə sadiqliyini bir daha təsdiqləyən müttəfiqlər, həmçinin alyansın transatlantik birliyini vurğulayıblar. Yekun bəyannamədə növbəti sammitin keçiriləcəyi tarix və məkan barədə isə hələlik məlumat yer almayıb.

Ankara sammiti müttəfiqlərin alyansın strateji dəyişiminə, xüsusən də Avropanın müdafiə sənayesi infrastrukturunun gücləndirilməsinə verdiyi əhəmiyyəti nümayiş etdirən mühüm bir mərhələ kimi tarixə düşüb.